Xəbərlər
Gənc Müəllimlərin Səmərəli Fəaliyyəti və Peşəkar İnkişaf Perspektivləri Müzakirə Olundu

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində gənc müəllimlərin səmərəli fəaliyyəti və peşəkar inkişaf imkanlarına həsr olunmuş görüş keçirilib.
Görüş zamanı gənc pedaqoqların innovativ yanaşmaları, müasir tədris metodlarının tətbiqi, şagirdlərlə effektiv ünsiyyət bacarıqları və kollektiv mühitdə fəal iştirakı məsələləri geniş müzakirə olunub. Həmkarlar ittifaqının gənc müəllimlərə göstərdiyi dəstək, sosial təminat imkanları və hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Liseyin gənc müəllimləri çıxış edərək öz təcrübələrini bölüşüb, qarşılaşdıqları çətinliklər və əldə etdikləri uğurlar barədə fikirlərini səsləndiriblər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş peşəkar həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verib.
Tədbir çərçivəsində səmərəli fəaliyyəti və təhsil sahəsində fəallığı ilə seçilən gənc müəllimlər həmkarlar ittifaqı tərəfindən Fəxri Fərman və hədiyyə ilə təltif olunublar. Bu təşəbbüs gənc pedaqoqların əməyinə verilən dəyərin və onların fəaliyyətinə göstərilən dəstəyin bariz nümunəsi kimi qiymətləndirilib.
Yasamal Rayon Komitəsi bundan sonra da gənc müəllimlərin peşəkar inkişafına, hüquqlarının müdafiəsinə və sosial təminatının gücləndirilməsinə yönəlmiş tədbirləri ardıcıl şəkildə davam etdirəcək.






