Xəbərlər
“Gəncə” basketbol klubu Azərbaycan Kubokunun qalibi olub

“Gəncə” basketbol klubu basketbol üzrə Azərbaycan Kubokunun qalibi adını qazanıb. Bakı İdman Sarayında keçirilən final mərhələsində Gəncə təmsilçiləri "Sabah" basketbol klubu ilə qarşılaşıb. Gərgin və yüksək tempdə keçən oyunda “Gəncə” 89:82 hesablı qələbə qazanaraq kuboka sahib çıxıb.
Bu qələbə ilə klub Azərbaycan Kubokunu ikinci dəfə qazanaraq növbəti tarixi uğura imza atıb.
Qeyd edək ki, Azərbaycan Kuboku ölkə basketbolunda 12 peşəkar klubun mübarizə apardığı iki əsas turnirdən biridir. “Gəncə” kuboka gedən yolda 1/4 finalda “Neftçi” İdman Klubunu, yarımfinalda “Şəki” basketbol klubunu, finalda isə üçqat Azərbaycan çempionu olan “Sabah” basketbol klubunu məğlub edib.
Məlumat üçün bildirək ki, ötən ilin sentyabr ayından etibarən klub Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin idarəçiliyinə keçib. Qısa müddət ərzində klubun maddi-texniki bazası gücləndirilib, zəruri infrastruktur və resurslarla təminat yaxşılaşdırılıb.
Hazırda “A” qrupunda çıxış edən “Gəncə” basketbol klubu turnir cədvəlində üçüncü pillədə qərarlaşıb və mövsümü mükafatçılar sırasında başa vurmağı, eləcə də növbəti mövsümdə Avropa basketbolunda ölkəmizi layiqincə təmsil etməyi qarşıya məqsəd qoyub.








