Xəbərlər
Gəncə Dövlət Universitetində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 20 Yanvar hadisələrinə həsr olunan videoçarx nümayiş olunub.
Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva çıxış edərək 1990-cı ildə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terrordan danışıb.
GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxışında vurğulayıb ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazılan 20 Yanvar faciəsi əzmkarlığın, vətənpərvərliyin zəfər salnaməsidir.
GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova bildirib ki, doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 36 il əvvəl həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu tarix Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Daha sonra Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı “Sovet imperiyasının törətdiyi qanlı faciə”, Azərbaycan dili kafedrasının dosenti Aytən Əhmədova “Qan yaddaşımız 20 yanvar”, Rus dili kafedrasının dosenti Sevda Əliyeva “Qırmızı Ordunun törətdiyi Qara Yanvar”, Riyazi analiz kafedrasının baş müəllimi Nurəngiz Bəşirova “Qəhrəmanlıq və iftixar tariximiz”, Azərbaycan tarixi kafedrasının müəllimi Fərid Vəliyev “20 Yanvar və milli birlik” adlı məruzələrlə çıxış ediblər.








