Xəbərlər
Gəncədə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Regional Görüşü Keçirilib.

Gəncə şəhərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə növbəti regional görüş keçirilib. Tədbirdə Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon komitələrinin tabeliyində fəaliyyət göstərən 377 ilk həmkarlar ittifaqı sədri iştirak edib.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Cəmaləddin Quliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və Komitənin məsul əməkdaşları iştirak edərək həmkarlar ittifaqı hərəkatında aparılan islahatlar, təşkilatlanma, sosial təminat, əmək münasibətləri və sahə üzrə aktual məsələlərlə bağlı çıxış ediblər.
ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev görüş çərçivəsində çıxış edərək üzv təşkilatlarla birbaşa dialoqun gücləndirilməsinin, sahə komitələrinin fəaliyyətinin təkmilləşdirilməsinin və real əməkdaşlığın genişləndirilməsinin prioritet olduğunu vurğulayıb. O bildirib ki, həmkarlar ittifaqının əsas gücü üzvlərlə canlı ünsiyyətdə, onların mövcud problemlərinin yerində dinlənilməsində və operativ həll yollarının birlikdə müəyyən olunmasındadır.






