Xəbərlər
Gənclər zərərli vərdişlərə “yox” deyir: 175 nömrəli məktəbdə vacib görüş

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan 175 nömrəli tam orta ümumtəhsil məktəbində “Narkomaniyaya yox!” adlı maarifləndirici tədbir keçirilib. Görüşün əsas məqsədi gənclər arasında narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək, eləcə də sağlam həyat tərzini təbliğ etməkdir.
Tədbirdə ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli, komitənin aparıcı məsləhətçisi Leyla Həmzəyeva, 175 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk həmkarlar təşkilatının sədri Aynur İsmayılova, müəllim heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. Maarifləndirici görüşə ekspert qismində Yasamal Rayon İcra Hakimiyyəti yanında Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev və Bakı Şəhər Narkoloji Mərkəzinin psixoloqu Günay Babayeva da qatılaraq öz töhfələrini veriblər.
Tədbiri giriş sözü ilə açan ETİHİ Yasamal Rayon Komitəsinin sədri Rövşən İbrahimli təhsil müəssisələrində bu cür maarifləndirici görüşlərin davamlı keçirilməsinin önəmindən danışıb. O bildirib ki, sağlam və bilikli gənclik cəmiyyətin ən böyük dayağıdır: “Bizim əsas məqsədimiz təkcə şagirdlərin təhsil uğurlarına dəstək olmaq deyil, həm də onların fiziki və mənəvi cəhətdən sağlam şəxsiyyət kimi formalaşmasına töhfə verməkdir. Gənclərimiz asudə vaxtlarını idmana, elmə və yaradıcılığa sərf etməli, gələcəklərini təhlükə altına atacaq zərərli vərdişlərdən qətiyyətlə uzaq durmalıdırlar”.
Daha sonra çıxış edən Yasamal Rayon İcra Hakimiyyəti yanında Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Rasim Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət səviyyəsində aparılan mübarizə tədbirləri və hüquqi məsuliyyət barədə şagirdlərə ətraflı məlumat verib. Rasim Əliyev vurğulayıb: “Narkomaniya təkcə bir fərdin faciəsi deyil, həm də ailələrin dağılmasına və cəmiyyətin genefonduna zərbə vuran ağır sosial bəladır. Hər bir gənc bu təhlükənin hüquqi və sosial fəsadlarını dərindən dərk etməli, ətrafındakı neqativ təsirlərə qarşı ayıq-sayıq olmalıdır”.
Bakı Şəhər Narkoloji Mərkəzinin psixoloqu Günay Babayeva isə məsələnin tibbi və psixoloji tərəflərinə toxunaraq zərərli vərdişlərin yeniyetmələrin sinir sisteminə, psixoloji dayanıqlığına və gələcək həyat keyfiyyətinə vurduğu bərpaolunmaz zərərləri izah edib. Psixoloq qeyd edib: “Yeniyetməlik dövründə gənclər bəzən maraq və ya ətraf mühitin təsiri ilə yanlış addımlar ata bilirlər, lakin narkotik asılılığı insan iradəsini tamamilə məhv edən bir tələdir. Çətinliklərlə üzləşdikdə zərərli vərdişlərə sığınmaq əvəzinə, ailəyə, müəllimlərə və mütəxəssislərə müraciət etmək ən doğru çıxış yoludur”.
İnteraktiv müzakirə şəraitində davam edən görüşün sonunda məktəbliləri maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.










