Xəbərlər
Goranboy rayon Dəyirmanlar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 24 iyul 2026-cı il tarixində Goranboy rayonunun Dəyirmanlar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi, həmçinin ölkəmizin füsunkar təbiəti ilə seçilən bölgələrindən biri olan Gədəbəy rayonunun turizm imkanları ilə yaxından tanış olmaları məqsədilə həyata keçirilib. Səfər zamanı iştirakçılar Gədəbəy rayonunun dağlıq ərazilərini, təbii gözəlliklərini və istirahət məkanlarını ziyarət edərək xoş təəssüratlar əldə ediblər. Saf dağ havası, sərin iqlim və ecazkar təbiət mənzərələri iştirakçılara səmərəli istirahət etmək, gündəlik iş mühitindən uzaqlaşaraq mənəvi rahatlıq qazanmaq imkanı yaradıb. Ekskursiya kollektiv üzvləri tərəfindən razılıq və məmnunluqla qarşılanıb. Səfərin sonunda iştirakçılar belə tədbirlərin həm sağlam istirahətin təşviqinə, həm də kollektiv üzvləri arasında qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayaraq, ekskursiyanın təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.





