Xəbərlər
Goranboy rayon Düzqışlaq kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Gədəbəy rayonuna ekskursiya edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 10 iyul 2026-cı il tarixində Goranboy rayonunun Z. Məsimov adına Düzqışlaq kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, əməkdaşlar arasında ünsiyyətin möhkəmləndirilməsi və ölkəmizin zəngin təbiəti ilə yaxından tanış olmaları olub. Səfər çərçivəsində iştirakçılar Gədəbəy rayonunun görməli məkanlarını ziyarət edib, xüsusilə Turşsu və Narzan bulağı ərazisində olaraq həmin məkanların təbii gözəllikləri, saf dağ havası və mineral su mənbələri ilə tanış olublar. Rayonun füsunkar mənzərələri və təbiət qoynunda keçirilən gəzinti iştirakçılara xoş ovqat bəxş edib və yaddaqalan anlarla yadda qalıb. Ekskursiya kollektiv üzvləri tərəfindən yüksək məmnunluqla qarşılanıb. Səfərin sonunda iştirakçılar bu cür ekskursiyaların həm səmərəli istirahətin təşkili, həm də kollektiv daxilində qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, təşkilatçılara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.





