Xəbərlər
Goranboy rayon Erkəc kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün Tovuz rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 13 iyul 2026-cı il tarixində Goranboy rayonunun Erkəc kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün Tovuz rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın keçirilməsində əsas məqsəd kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, eləcə də əməkdaşlar arasında dostluq və həmrəylik münasibətlərinin daha da möhkəmləndirilməsi olub. Səfər çərçivəsində iştirakçılar Tovuz rayonunun təbii gözəllikləri, istirahət məkanları və füsunkar guşələri ilə yaxından tanış olublar. Rayonun saf havası, gözoxşayan mənzərələri və təbiət qoynunda keçirilən gəzinti iştirakçılarda xoş təəssüratlar yaradaraq onların səmərəli istirahət etməsinə şərait yaradıb. Birgünlük ekskursiya iştirakçılar tərəfindən maraq və məmnunluqla qarşılanıb. Səfərin sonunda kollektiv üzvləri təşkilatçılara göstərilən diqqətə və yaradılan şəraitə görə təşəkkürlərini bildirərək, belə tədbirlərin kollektiv daxilində əməkdaşlıq ruhunun güclənməsinə və iş fəaliyyətinə müsbət təsir göstərdiyini qeyd ediblər.




