Xəbərlər
Goranboy rayon ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik Günü” qeyd olunub

“15 sentyabr – Bilik Günü” münasibətilə Goranboy rayonunun ümumtəhsil məktəblərində bir sıra tədbirlər keçirilib. Tədbirlərdə məktəb rəhbərləri, pedaqoji kollektiv, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub. Çıxışlarda yeni tədris ilinin başlanması münasibətilə təhsil iştirakçılarına təbriklər çatdırılıb, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs olunub. Qeyd edilib ki, müasir tələblərə cavab verən təhsil mühitinin formalaşdırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Tədbirlərdə birinci sinfə qədəm qoyan şagirdlərə uğurlar arzulanıb, onların məktəb həyatına ilk addımları xüsusi diqqətlə qeyd olunub. Həmçinin şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri təqdim edilib. Sonda yeni tədris ilinin təhsil müəssisələri üçün uğurlu və səmərəli olması arzulanıb.


















