Xəbərlər
Goranboy rayon ümumtəhsil məktəblərində narkomaniyaya qarşı maarifləndirmə tədbirləri keçirilib

Narkomaniyanın cəmiyyətə, xüsusilə də gənc nəslin sağlamlığına vurduğu zərərin qarşısının alınması, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə Goranboy rayonunun bir sıra ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı narkomaniyanın fəsadları, onun insan sağlamlığına və cəmiyyətə mənfi təsirləri, zərərli vərdişlərdən qorunma yolları barədə şagirdlərə ətraflı məlumat verilib. Eyni zamanda, sağlam həyat tərzinin əhəmiyyəti, düzgün seçim və sağlam gələcəyin qurulmasında hər bir gəncin məsuliyyəti diqqətə çatdırılıb. Maarifləndirmə tədbirləri Qızılhacılı qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində, Şadılı kənd tam orta ümumtəhsil məktəbində, Qurbanzadə kənd ümumi orta ümumtəhsil məktəbində, Goranboy şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində və Rəhimli kənd tam orta ümumtəhsil məktəbində təşkil olunub. Bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd şagirdlərdə narkomaniyaya qarşı mübarizə şüurunun formalaşdırılması, sağlam həyat tərzinə təşviqin gücləndirilməsi və zərərli vərdişlərdən uzaq durmağın vacibliyinin aşılanmasıdır.













