Xəbərlər
Goranboy rayon Z. Məsimov adına Düzqışlaq kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Gədəbəy rayonuna ekskursiya edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 02 iyul 2026-cı il tarixində Z. Məsimov adına Düzqışlaq kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, əməkdaşlar arasında ünsiyyət və həmrəyliyin möhkəmləndirilməsi, eləcə də ölkəmizin füsunkar bölgələrindən biri olan Gədəbəy rayonunun təbii gözəllikləri və turizm potensialı ilə yaxından tanışlıq olub. Səfər çərçivəsində iştirakçılar Gədəbəy rayonunun görməli məkanlarını ziyarət edib, xüsusilə təbii mineral suyu və əsrarəngiz təbiəti ilə məşhur Narzan bulağında olublar. Burada onlar bulağın ətrafındakı gözəl mənzərələri seyr edib, saf dağ havasından zövq alaraq xoş və yaddaqalan anlar yaşayıblar. Təbiət qoynunda keçirilən gəzinti kollektiv üzvlərinin səmərəli istirahətinə və asudə vaxtlarının faydalı təşkilinə mühüm töhfə verib. Ekskursiya iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb. Səfərin sonunda kollektiv üzvləri yaradılan şəraitə və yüksək səviyyədə təşkil olunmuş ekskursiyaya görə təşkilatçılara səmimi təşəkkürlərini bildirərək, bu cür tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.







