Xəbərlər
Goranboy rayonu Eyvazlılar kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün Qəbələ rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 27 iyul 2026-cı il tarixində Goranboy rayonunun Eyvazlılar kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün Qəbələ rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi və ölkəmizin turizm mərkəzlərindən biri olan Qəbələ rayonunun təbii və tarixi zənginlikləri ilə yaxından tanış olmaları məqsədilə həyata keçirilib. Səfər çərçivəsində iştirakçılar Qəbələ rayonunun füsunkar təbiəti, dağətəyi əraziləri və istirahət məkanlarını ziyarət edərək bölgənin saf havasından, yaşıllıqlarla zəngin mənzərələrindən və sakit mühitindən zövq alıblar. Təbiət qoynunda keçirilən gəzinti iştirakçılara həm mənalı istirahət etmək, həm də xoş xatirələrlə yadda qalan bir gün yaşamaq imkanı yaradıb. Ekskursiya iştirakçılar tərəfindən böyük razılıqla qarşılanıb. Səfərin sonunda kollektiv üzvləri belə tədbirlərin həm kollektiv ruhunun möhkəmlənməsinə, həm də əməkdaşlar arasında qarşılıqlı ünsiyyətin inkişafına müsbət təsir göstərdiyini vurğulayaraq, ekskursiyanın təşkilinə görə əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.






