Xəbərlər
Goranboy rayonu Kələk kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Qəbələ rayonuna ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 02 avqust 2026-cı il tarixində Goranboy rayonunun Kələk kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Qəbələ rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi və ölkəmizin turizm mərkəzlərindən biri olan Qəbələ rayonunun zəngin təbiəti ilə yaxından tanış olmaları məqsədilə təşkil edilib. Səfər çərçivəsində iştirakçılar Qəbələ rayonunun füsunkar təbiət guşələrini, yaşıllıqlarla əhatə olunmuş istirahət məkanlarını və mənzərəli ərazilərini ziyarət ediblər. Rayonun saf havası, dağ mənzərələri və sakit mühiti kollektiv üzvlərində xoş təəssüratlar yaradaraq onların yaddaqalan bir gün keçirmələrinə şərait yaradıb. Ekskursiya iştirakçıları səfərdən məmnun qaldıqlarını ifadə edərək, belə tədbirlərin həm səmərəli istirahətə, həm də kollektiv üzvləri arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıblar. Sonda onlar ekskursiyanın təşkilinə görə əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.








