Xəbərlər
Goranboy rayonu Şəfəq kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 30 iyul 2026-cı il tarixində Goranboy rayonunun R. Qulubəyov adına Şəfəq kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Gədəbəy rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın təşkilində məqsəd kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi, həmçinin Gədəbəy rayonunun zəngin təbiəti və turizm potensialı ilə yaxından tanış olmaları olub. Səfər proqramı çərçivəsində iştirakçılar Gədəbəy rayonunun füsunkar dağ mənzərələrini, istirahət məkanlarını və təbii gözəlliklərini ziyarət ediblər. Rayonun saf havası, sərin iqlimi və gözoxşayan təbiəti iştirakçılara xoş ovqat bəxş edib, onların yaddaqalan və səmərəli istirahət etmələrinə əlverişli şərait yaradıb. Ekskursiya iştirakçıları səfərdən razılıqlarını ifadə edərək, belə tədbirlərin kollektiv üzvləri arasında qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsinə, sağlam istirahətin təşviqinə və iş fəaliyyətində motivasiyanın artırılmasına mühüm töhfə verdiyini bildiriblər. Sonda onlar ekskursiyanın təşkilində əməyi olan hər kəsə təşəkkürlərini çatdırıblar.




