Xəbərlər
Goranboy rayonu Tatarlı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonuna ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 29 iyul 2026-cı il tarixində Goranboy rayonunun Sərxan Ocaqverdiyev adına Tatarlı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması və ölkəmizin qədim tarixə, zəngin mədəni irsə və füsunkar təbiətə malik bölgələrindən biri olan Şəki rayonunu yaxından tanımaları məqsədilə təşkil edilib. Səfər çərçivəsində iştirakçılar Şəki rayonunun görməli məkanlarını ziyarət edərək rayonun özünəməxsus memarlıq nümunələri, təbii gözəllikləri və zəngin turizm imkanları ilə tanış olublar. Gəzinti iştirakçılara həm səmərəli istirahət etmək, həm də unudulmaz təəssüratlar qazanmaq imkanı yaradıb. Ekskursiya kollektiv üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb. Səfərin sonunda iştirakçılar bu cür səfərlərin kollektiv daxilində qarşılıqlı anlaşmanın və həmrəyliyin güclənməsinə, eyni zamanda asudə vaxtın faydalı təşkilinə mühüm töhfə verdiyini vurğulayaraq, ekskursiyanın təşkilində əməyi olan hər kəsə səmimi təşəkkürlərini bildiriblər.






