Xəbərlər
Goranboy rayonun ucqar kənd məktəblərində təhsil alan şagird və müəllim kollektivi ilə növbəti görüş keçirilib.

Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev və təhsil sektorunun əməkdaşlarının iştirakı ilə Goranboy rayon S.Pirəliyev adına Buzluq kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri və müəllim kollektivi ilə görüş keçirilib. Görüşün əsas məqsədi ucqar yaşayış məntəqələrində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan şagirdlərə göstərilən diqqət və qayğının artırılması, onların təhsilə marağının daha da gücləndirilməsi və motivasiyalarının yüksəldilməsi olub. Görüş zamanı məktəblilərlə bir araya gəlinərək onların təhsil prosesi, məktəb həyatı, gələcəyə dair məqsəd və arzuları ətrafında səmimi fikir mübadiləsi aparılıb. Şagirdlərin təhsilə olan marağının artırılması, onların daha yüksək nailiyyətlər əldə etməsi istiqamətində motivasiyaedici söhbətlər keçirilib. Daha sonra məktəbin pedaqoji kollektivi ilə görüş təşkil edilib. Görüşdə müəllimlərin ucqar kənd məktəblərində təhsilin inkişafı naminə göstərdikləri əzmkar fəaliyyət xüsusi qeyd olunub, tədris prosesinin səmərəliliyinin artırılması, məktəbdə təhsil mühitinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb. Görüş çərçivəsində şagirdlərə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən xatirə hədiyyələri təqdim edilib və sonda xatirə şəkli çəkdirilib.




















