Xəbərlər
Goranboy rayonunda "1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə bayram tədbiri təşkil olunub.

Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid övladları, ictimai fəallar və rayon ictimaiyyətinin nümayəndələri, təhsil, mədəniyyət və idman sahələrinin təmsilçiləri, valideynlər və çoxsaylı uşaqlar iştirak ediblər. Bayram proqramı çərçivəsində rayonun ümumtəhsil müəssisələrinin şagirdlərinin və məktəbəqədər təhsil müəssisələrinin körpələrinin təqdimatında rəngarəng rəqs nömrələri, şeir kompozisiyaları və müxtəlif bədii çıxışlar nümayiş etdirilib. Eyni zamanda uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib, idmançıların təqdim etdikləri nümunəvi çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Rəngarəng və yaddaqalan anlarla müşayiət olunan tədbir uşaqlara xoş ovqat bəxş edib, onların asudə vaxtlarının səmərəli təşkilinə töhfə verib. Bayram tədbiri iştirakçılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanaraq, uşaqların sevinc və təbəssümləri ilə yadda qalıb.






























































