Xəbərlər
Goranboy rayonunda "8 Noyabr - Zəfər Günü" münasibətilə ümumtəhsil məktəblərinin müəllimləri arasında intellektual müsabiqə təşkil olunub

“Goranboy 2026 – Gənclər Paytaxtı” layihəsi çərçivəsində “8 Noyabr – Zəfər Günü” münasibətilə ümumtəhsil məktəblərinin müəllimləri arasında intellektual bilik müsabiqəsi keçirildi.
05 noyabr 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Goranboy rayon komitəsi, Goranboy-Naftalan rayonları üzrə Təhsil sektoru, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Gənclər Evinin birgə təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərinin müəllimlərindən ibarət komandalar arasında “Goranboy 2026 – Gənclər Paytaxtı” layihəsi çərçivəsində “8 Noyabr – Zəfər Günü” münasibətilə “Çağırış” kuboku üzrə “Nə? Harada? Nə zaman?” intellektual bilik müsabiqəsi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən natiqlər komandalara uğurlar arzulayıb, müsabiqənin məqsədi, Vətən müharibəsində qazanılmış tarixi Zəfərimiz və onun ölkəmiz üçün əhəmiyyəti barədə ətraflı məlumat veriblər.
Müsabiqə 24 sualdan ibarət olmaqla iki mərhələ üzrə keçirilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən:
I yer – Qızılhacılı qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin “Turan” komandası
II yer – Tap kənd tam orta ümumtəhsil məktəbinin “Lider” komandası
III yer – Qaradağlı kənd tam orta ümumtəhsil məktəbinin “Everest” komandası
Qalib və mükafatçılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif olunublar. Yarışda iştirak edən bütün komandalara təşəkkür edir, qalibləri təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!















