Xəbərlər
Goranboy rayonunda Milli Qəhraman xanımı ilə görüş keçirilib

Goranboy rayonunda I Qarabağ müharibəsi şəhidi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Aslanov Niyazi Şərəfxan oğlunun xanımı, Tap kənd tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi İsmayılova Rübabə Mirağa qızının 65 illik yubileyi münasibətilə görüş keçirilib. Tədbirdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev, məktəbin direktoru və müəllim kollektivi iştirak edib. Tədbirdə çıxış edən natiqlər yubilyarın müxtəlif illərdə təhsil sahəsinin inkişafına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və əmək kollektivlərində sağlam iş mühitinin formalaşmasına verdiyi töhfələrdən bəhs edib. Bildirilib ki, onun zəngin iş təcrübəsi, məsuliyyətli fəaliyyəti və işlərinə olan yüksək bağlılığı gənc əməkdaşlar üçün hər zaman örnək olduğu vurğulanaraq, ona möhkəm cansağlığı, uzun ömür və bundan sonrakı həyatında da uğurlar arzulanıb. Təbriklərə qoşulan məktəb kollektivi yubilyarların peşə fəaliyyətində qazandığı nailiyyətlərdən, kollektivin inkişafına verdiyi töhfələrdən və nümunəvi əmək fəaliyyətindən bəhs edib. Bununla yanaşı, şəhid xanımı kimi göstərdiyi mənəvi möhkəmlik, Vətənə sədaqət və ailə dəyərlərinə bağlılıq xüsusi vurğulanıb. Qeyd olunub ki, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi, onların cəmiyyətimizdə layiq olduqları yüksək ehtiramla əhatə olunması hər zaman önəmli vəzifələrdən biridir. Sonda yubilyara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən təşəkkürnamə və hədiyyə təqdim olundu.







