Xəbərlər
Goranboy rayonunda Novruz bayramı ərəfəsində şəhidlərimizin azyaşlı övladları ilə görüş keçirildi.

Goranboy Rayon İcra Hakimiyyəti və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı ilə bağlı şəhidlərimizin azyaşlı övladları ilə görüş keçirildi. Tədbirin əsas məqsədi vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini yad etmək, onların ailələrinə, xüsusilə də övladlarına diqqət və qayğı göstərmək olub. Goranboy rayonu Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də iştirak etdi. İcra başçısı şəhid övladlarını xalqımızın qədim bayramı Novruz münasibəti ilə təbrik etdi, şəhid ailələri və övladları dövlətin və cəmiyyətin hər zaman diqqət mərkəzində olduğunu vurğulayaraq, xoş arzularını çatdırdı. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətarlıqlarını ifadə edərək, təşkilatçılara təşəkkürlərini bildiriblər. Bayram tədbiri çərçivəsində ETİHİ Goranboy rayon Komitəsi tərəfindən şəhid övladlarına bayram sovqatları təqdim olunub, uşaqlar üçün maraqlı və əyləncəli proqramlar, müxtəlif musiqi və rəqs nömrələri təqdim edilib. Novruz bayramının əsas personajları olan Kosa və Keçəlin iştirakı tədbirə xüsusi rəng qatdı. Sonda xatirə şəkli çəkdirildi.























