Xəbərlər
Goranboy rayonunda sentyabr konfransı çərçivəsində müzakirə panelləri və bölmə iclasları təşkil olunub

2026–2027-ci tədris ili üzrə sentyabr konfransları çərçivəsində 1 sentyabr 2026-cı il tarixində Goranboy–Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar və qabaqcıl fənn müəllimlərinin iştirakı ilə müzakirə panelləri və bölmə iclasları təşkil olunmuşdur. Tədbirin əsas məqsədi yeni tədris ili qarşısında təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrin müəyyənləşdirilməsi, ötən tədris ilinin nəticələrinin təhlili, mövcud problemlərin müzakirəsi və onların həlli istiqamətində qarşıda duran məsələlərin nəzərdən keçirilməsi olmuşdur. Müzakirələr zamanı təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin səmərəli təşkili, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, məktəb-şagird-valideyn münasibətlərinin daha da gücləndirilməsi, psixoloji xidmətin təşkili və təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması məsələlərinə diqqət yetirilmişdir. Bölmə iclaslarında ayrı-ayrı istiqamətlər üzrə fikir mübadiləsi aparılmış, qabaqcıl təcrübələr paylaşılmış, təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilmişdir. Sonda yeni tədris ilində qarşıya qoyulan hədəflərə nail olunması, təhsil müəssisələrində idarəetmənin və təlim-tərbiyə prosesinin daha səmərəli təşkili istiqamətində bir sıra mühüm vəzifələr müəyyənləşdirilmişdir.



























