Xəbərlər
Goranboy rayonunda "Zəfər Günü" münasibəti ilə ümumtəhsil məktəblərinin müəllimləri arasında intellektual bilik yarışı keçirilib.

06 noyabr 2025-ci il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Goranboy Rayon Komitəsi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Gənclər evinin birgə təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyəti, Goranboy Olimpiya İdman Kompleksi və Goranboy-Naftalan rayonları üzrə Təhsil sektorunun dəstəyi ilə ümumtəhsil məktəblərinin müəllimlərindən ibarət komandalar arasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində "8 Noyabr-Zəfər Günü" münasibəti ilə "Zəfər Kuboku" adlı Nə? Harada? Nə zaman? intellektual bilik yarışı üzrə Goranboy rayon birinciliyi keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi. Tədbirdə Ümummilli Lider Heydər Əliyev və vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunu. Çıxış edən natiqlər komandalara uğurlar arzu edərək, tədbirin məqsədi haqqında iştirakçılara geniş məlumat verdilər.
Bilik yarışında 12 komanda olmaqla 60 nəfər müəllim iştirak etdi. İştirakçılar ümumilikdə 24 sualdan ibarət 2 mərhələ üzrə mübarizə apardılar.
Gərgin mübarizə şəraitində keçən bilik yarışının yekun nəticəsi belədir:
I yer - Qızılhacılı qəsəbə 2 nömrəli tam orta məktəbin Apokalipsis komandası
II yer - Qaradağlı kənd tam orta məktəbin Evrika komandası
III yer - Borsunlu kənd 2 nömrəli tam orta məktəbin Təbriz komandası
Yarışda I, II və III yeri qazanmış komandalar diplom, kubok, medal və qiymətli hədiyyələr ilə təltif olundular. Yarışda iştirak edən hər bir komandaya təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik!
















