Xəbərlər
Goranboy şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi İsmayıllı rayonuna səfər edib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 11 iyul 2026-cı il tarixində Goranboy şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün İsmayıllı rayonuna birgünlük istirahət və tanışlıq səfəri təşkil olunub. Səfər iştirakçıların gündəlik iş fəaliyyətindən kənarda mənalı vaxt keçirmələrinə, təbiət qoynunda dincəlmələrinə və kollektiv üzvləri arasında səmimi ünsiyyətin daha da inkişaf etdirilməsinə xidmət edib. İştirakçılar İsmayıllı rayonunun zəngin təbiəti, yaşıllıqlarla əhatə olunmuş istirahət məkanları və füsunkar mənzərələri ilə tanış olaraq bölgənin turizm imkanları haqqında ətraflı məlumat əldə ediblər. Gəzinti zamanı xoş əhval-ruhiyyə və mehriban ab-hava səfərin hər anına rəng qatıb. Birgünlük səfər kollektiv üzvlərində xoş təəssüratlar yaradıb və onlar tərəfindən yüksək qiymətləndirilib. İştirakçılar göstərilən diqqətə və ekskursiyanın nümunəvi şəkildə təşkilinə görə təşkilatçılara təşəkkürlərini ifadə edərək, belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin faydalı olacağını bildiriblər.





