Xəbərlər
Göyçayda “Bilik marafonu” keçirilib

Göyçay Gənclər Evi,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi və Göyçay rayonu üzrə Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə gənclər arasında “Bilik marafonu” adlı intellektual yarış keçirilib.
Layihənin əsas məqsədi gənclərin intellektual potensialının inkişafına töhfə vermək, onların məntiqi təfəkkürünü və komanda şəklində işləmək bacarıqlarını gücləndirmək, eyni zamanda asudə vaxtlarının səmərəli və maraqlı təşkilini təmin etmək olub.
Yarış iştirakçıları müxtəlif mövzuları əhatə edən suallar üzrə bilik və bacarıqlarını nümayiş etdirərək gərgin mübarizə aparıblar. Maraqlı və rəqabət şəraitində keçən yarışın sonunda ən yüksək nəticə göstərən iştirakçılar müəyyənləşdirilərək hədiyyə və sertifikatlarla mükafatlandırılıblar.
Tədbirdə çıxış edən təşkilatçılar bu cür intellektual layihələrin gənclərin bilik səviyyəsinin artırılması, sağlam rəqabət mühitinin formalaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.









