Xəbərlər
Göyçayda Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr – Milli Musiqi Günü münasibətilə Göyçay rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib. Tədbirdə rayonun ictimai həyatında fəal iştirak edən şəxslər, mədəniyyət və təhsil işçiləri, ziyalılar, musiqiçilər və digər qonaqlar iştirak ediblər.
Dəvət olunan qonaqlar sırasında ETİHİ Göyçay rayon komitəsinin sədri Kəmalə Səmədova da iştirak edib.
Tədbirin əsas məqsədi Azərbaycan milli musiqisinin zəngin irsinin təbliği, ölkəmizin görkəmli bəstəkar və musiqi xadimlərinin yaradıcılığının tanıdılması, eləcə də gənc nəslin milli musiqi dəyərlərinə olan marağının artırılması olub.
Tədbirdə çıxış edənlər Azərbaycan musiqisinin xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi olduğunu vurğulayıb, milli musiqimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıblar. Ölkəmizdə mədəniyyət və incəsənətin, o cümlədən musiqi sənətinin inkişafına göstərilən diqqət və qayğı xüsusi qeyd olunub.
Daha sonra tədbir bədii hissə ilə davam edib. İştirakçılara Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnılarından ibarət musiqi nömrələri təqdim olunub. Səsləndirilən ifalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Milli Musiqi Gününə həsr olunmuş tədbir Azərbaycan musiqisinin zənginliyinin və milli musiqi irsinin təbliği baxımından əhəmiyyətli tədbirlərdən biri kimi yadda qalıb.










