Xəbərlər
Göygöl rayon Qızılca kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin hərbi rəhbəri, Qarabağ müharibəsinin iştirakçısı, təhsil ictimaiyyətinin dəyərli üzvlərindən olan Əliyev Rəfi Dilən oğlunun vəfatı dərin hüznlə qarşılanıb.

Mərhumun dəfn mərasimində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsinin sədri, məktəbin kollektivi, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak edərək onun əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Rəfi müəllim uzun illər ərzində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, hərbi bilik və bacarıqlarının formalaşdırılmasına mühüm töhfələr vermişdir. Qarabağ müharibəsinin iştirakçısı kimi Vətən qarşısındakı xidmətləri ilə yanaşı, pedaqoji fəaliyyəti dövründə də daim nümunəvi müəllim kimi tanınmışdır.
O, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsi tərəfindən təşkil olunan idman yarışlarının, vətənpərvərlik tədbirlərinin və ictimai layihələrin fəal iştirakçılarından biri olmuş, bu tədbirlərdə göstərdiyi yüksək fəallıq və vətənə bağlılığı ilə həmkarlarının dərin hörmətini qazanmışdır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göygöl Rayon Komitəsi və Göygöl rayonunun çoxsaylı təhsil işçiləri adından mərhuma Allahdan rəhmət, ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı veririk.
Rəfi müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin.



