Xəbərlər
Göygöl rayonunda ilk həmkarlar təşkilatlarında sənədləşmə vəziyyətinin yoxlanılması davam etdirilir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən rayonun təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar təşkilatlarının işinin təşkili, sənədləşmənin düzgün aparılması və mövcud fəaliyyətin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən təftiş tədbirləri davam etdirilir.
Növbəti yoxlama Göygöl şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında fəaliyyət göstərən ilk həmkarlar təşkilatında aparılıb.
Təftiş çərçivəsində təşkilatın fəaliyyətinə dair sənədlər, əmək və əməyin mühafizəsi üzrə təlimatlandırma jurnalları, üzvlərə göstərilən maddi yardımların və mükafatlandırmaların rəsmiləşdirilməsi, ödənişsiz məzuniyyətlərlə bağlı sənədləşmə, eləcə də əmək müqaviləsinə xitam verilməsi hallarında həmkarlar təşkilatının qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinin icrası araşdırılıb.
Yoxlamanın gedişində sənədlərin mövcudluğu və düzgün tərtibi ilə yanaşı, onların aparılmasında qanunvericiliyin və həmkarlar ittifaqının daxili tələblərinin gözlənilməsi məsələlərinə də diqqət yetirilib. Müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması, sənədləşmənin təkmilləşdirilməsi və təşkilati fəaliyyətin daha səmərəli qurulması ilə bağlı müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, təftiş tədbirləri Göygöl rayonu üzrə ümumilikdə 20 təhsil müəssisəsini əhatə edir. Hər bir yoxlamanın nəticəsi müvafiq qaydada aktlaşdırılır.
Bu istiqamətdə görülən işlər ilk həmkarlar təşkilatlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasına, təşkilati və maliyyə intizamının möhkəmləndirilməsinə, ən əsası isə ittifaq üzvlərinin əmək və sosial-iqtisadi hüquqlarının etibarlı müdafiəsinə xidmət edir.





