Xəbərlər
Göygöl rayonunun Qırıqlı kəndində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Göygöl rayon Qırıqlı kənd tam orta ümumtəhsil məktəbində vətənpərvərlik ruhunda tədbir təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə kəndin şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə şəhidlərin məzarlarını ziyarət edib, onların ruhuna ehtiramlarını bildiriblər.
Daha sonra məktəbdə davam edən tədbirdə şagirdlərin Zəfər Gününə həsr olunmuş əl işlərindən ibarət sərgisi nümayiş etdirilib. Məktəblilərin ifasında Vətənə, qəhrəmanlığa və tarixi Zəfərimizə həsr olunmuş mahnılar, şeirlər və rəqs nümunələri təqdim olunub.
Tədbirdə iştirak edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev çıxış edərək Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən, Vətən müharibəsində qazanılmış tarixi Qələbənin milli birliyimizin və qəhrəmanlığımızın təcəssümü olmasından danışıb. O, şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasının, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulayıb.
Tədbir şagirdlərin hazırladıqları bədii kompozisiyalar və vətənpərvərlik ruhlu çıxışlarla davam edib.
Bu cür tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi, Zəfər tariximizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.



