Xəbərlər
Göygöl şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə görüş keçirilib
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrinin kollektivləri ilə keçirilən görüşlər çərçivəsində növbəti tədbir Göygöl şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasında baş tutub.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə məktəbəqədər təhsil müəssisələrində çalışan əməkdaşların əmək və sosial hüquqlarının müdafiəsi, həmkarlar ittifaqının üzvlərə göstərdiyi hüquqi və sosial dəstək imkanları, eləcə də əmək münasibətlərinin düzgün qurulmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə xüsusilə məktəbəqədər təhsil sahəsində çalışan əməkdaşların gündəlik fəaliyyətində qarşılaşdıqları məsələlər, əməyin mühafizəsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, işçi hüquq və vəzifələri, əmək intizamı və sosial təminat məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin ETİHİ Göygöl Rayon Komitəsinin həyata keçirdiyi sosial yönümlü layihələr və təhsil işçilərinin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Bağça kollektivinin sualları cavablandırılıb, əməkdaşların təklif və müraciətləri dinlənilib. Görüş zamanı həmkarlar ittifaqının əsas fəaliyyət istiqamətlərindən birinin əmək kollektivləri ilə birbaşa və etibarlı əlaqələrin qurulması olduğu vurğulanıb.
Sonda 2 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunub, onlara uşaqların təlim-tərbiyəsi və inkişafı istiqamətində məsuliyyətli fəaliyyətlərində uğurlar arzulanıb.
ETİHİ Göygöl Rayon Komitəsi məktəbəqədər təhsil müəssisələrində çalışan əməkdaşların əmək hüquqlarının müdafiəsi, hüquqi maarifləndirilməsi və sosial məsələlərinin diqqətdə saxlanılması istiqamətində fəaliyyətini davam etdirir.



