Xəbərlər
Göygöl şəhərində təhsil işçiləri ilə növbəti görüş keçirilib
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil işçiləri ilə keçirilən görüşlər çərçivəsində növbəti tədbir Göygöl şəhəri T. Əmiraslanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə təhsil işçilərinin əmək münasibətlərində hüquqlarının qorunması, sosial təminat məsələləri, həmkarlar ittifaqının üzvlərə göstərdiyi hüquqi və sosial dəstək imkanları barədə ətraflı məlumat verilib.
Görüşün əsas hissəsini qarşılıqlı fikir mübadiləsi təşkil edib. Məktəb kollektivinin gündəlik əmək fəaliyyətində qarşılaşdığı məsələlər, əmək qanunvericiliyinin tələbləri, işçi və işəgötürənin hüquq və vəzifələri, əməyin mühafizəsi və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı məsələlər müzakirə edilib.
Eyni zamanda ETİHİ Göygöl Rayon Komitəsinin həyata keçirdiyi layihələr, təhsil işçilərinin sosial və hüquqi müdafiəsinə yönəlmiş fəaliyyətlər, eləcə də kollektivlərin müraciətlərinin yerində dinlənilməsi və operativ həllinə dair yanaşmalar diqqətə çatdırılıb.
Məktəb kollektivinin sualları cavablandırılıb, təklif və müraciətlər dinlənilib. Görüş zamanı təhsil işçiləri ilə həmkarlar ittifaqı arasında birbaşa ünsiyyətin və qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Sonda T. Əmiraslanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivinin hər bir üzvü 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik olunub, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.



