Xəbərlər
Göygöldə əməyin mühafizəsi və hüquqi maarifləndirmə ilə bağlı görüşlər davam edir
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsinin fəaliyyət planına uyğun olaraq rayonun təhsil müəssisələrində əməyin mühafizəsi və hüquqi maarifləndirmə istiqamətində görüşlər davam etdirilir.
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tapşırığına uyğun olaraq Göygöl rayonunun ucqar ərazilərində fəaliyyət göstərən təhsil müəssisələrinin kollektivləri ilə görüşlər davam etdirilir.
Növbəti maarifləndirici görüş Göygöl rayon Kərəmli tam orta ümumtəhsil məktəbinin əmək kollektivi ilə keçirilib.
Görüş zamanı təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, əməyin mühafizəsi üzrə ilkin, təkrar və digər təlimatların təşkili və sənədləşdirilməsi, təlimat jurnallarının düzgün aparılması, əməyin mühafizəsinə cavabdeh şəxslərin müəyyənləşdirilməsi, yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, eləcə də işəgötürənin qanunvericilikdən irəli gələn öhdəlikləri barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, əmək münasibətlərində işçilərin hüquq və vəzifələri, əmək qanunvericiliyinin əsas tələbləri və təhlükəsizlik qaydalarına riayət edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, əməyin mühafizəsi və əmək hüquqları sahəsində maarifləndirmə işinin davamlı və sistemli şəkildə aparılmasının vacibliyi vurğulanıb.
ETİHİ Göygöl Rayon Komitəsi tərəfindən rayonun təhsil müəssisələrində təhlükəsiz əmək mühitinin formalaşdırılması, əmək hüquqları üzrə məlumatlılığın artırılması və əməyin mühafizəsi mədəniyyətinin gücləndirilməsi məqsədilə maarifləndirici görüşlər davam etdiriləcək.
Təhlükəsiz əmək mühiti — hüquq, əməyin mühafizəsi isə hər birimizin məsuliyyətidir.



