Xəbərlər
Göygöldə əməyin mühafizəsi və hüquqi maarifləndirmə ilə bağlı növbəti görüş keçirilib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Göygöl Rayon Komitəsinin yeni tədris ili üzrə fəaliyyət planına uyğun olaraq təhsil müəssisələrində əməyin mühafizəsi və hüquqi maarifləndirmə istiqamətində görüşlər davam etdirilir.
Bu istiqamətdə növbəti görüş Göygöl şəhər 4 nömrəli körpələr evi–uşaq bağçasında keçirilib.
Görüş zamanı sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməkdaşların əməyin mühafizəsi sahəsində hüquq və vəzifələri, eləcə də əmək qanunvericiliyinin tələbləri barədə məlumat verilib.
Xüsusi olaraq əməyin mühafizəsi üzrə giriş, ilkin, təkrar və zərurət yarandıqda növbədənkənar təlimatlandırmaların təşkili, təlimat jurnallarının düzgün aparılması və sənədləşdirilməsi məsələlərinə toxunulub. Həmçinin əməyin mühafizəsi işinin təşkili üçün məsul şəxsin işəgötürənin əmri ilə müəyyənləşdirilməsi və təlimatlandırmaların müvafiq qaydada rəsmiləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Görüşdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, bu sahədə maarifləndirmə işinin təşkili və müvafiq sənədləşmənin düzgün aparılması ilə bağlı fikir mübadiləsi də aparılıb.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb, əməyin mühafizəsi və əmək hüquqları ilə bağlı qarşılıqlı müzakirələr keçirilib.
Qeyd edək ki, ETİHİ Göygöl Rayon Komitəsi tərəfindən yeni tədris ili ərzində rayonun 20 təhsil müəssisəsində əməyin mühafizəsi və hüquqi maarifləndirmə istiqamətində görüşlərin keçirilməsi nəzərdə tutulur.
Təhlükəsiz əmək şəraiti – sağlam və səmərəli fəaliyyətin əsas şərtidir!



