Xəbərlər
Göygöldə Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş forum keçirilib

23 aprel 2026-cı ildə Göygöl rayon Ə. Məmmədov adına Üçtəpə kənd tam orta məktəbində 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə geniş tərkibli maarifləndirici forum təşkil olunub.
Tədbir Beynəlxalq Əmək Təşkilatının 2026-cı il üçün elan etdiyi “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” devizinə həsr olunub. Forumun əsas məqsədi təhsil müəssisələrində əməyin mühafizəsi sahəsində maarifləndirmə səviyyəsinin artırılması, sağlam və təhlükəsiz iş mühitinin təşviqi, eləcə də psixososial risklərin azaldılması istiqamətində bilik və təcrübə mübadiləsinin təmin edilməsi olub.
Tədbir çərçivəsində əvvəlcə məktəbdə əməyin mühafizəsi istiqamətində görülən işlərlə bağlı iştirakçılar üçün infotur təşkil edilib. Tur zamanı məktəbdə yaradılmış təhlükəsiz və sağlam əmək şəraiti, həyata keçirilən tədbirlər, eləcə də tətbiq olunan qabaqcıl təcrübələr iştirakçılara təqdim olunub.
Daha sonra tədbir iştirakçıları üçün Əmək və Sosial Münasibətlər Akademiyasının əməyin mühafizəsi üzrə mühəndisi Rövşən Məmmədov tərəfindən maarifləndirici təlim keçirilib. Təlimdə əməyin mühafizəsinin əsas prinsipləri, iş yerlərində təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, psixososial risklərin idarə olunması və sağlam iş mühitinin yaradılması ilə bağlı mühüm məqamlar diqqətə çatdırılıb.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Forumda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Göygöl Rayon İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə Təhsil sektorunun məsul nümayəndələri, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, eləcə də qonşu rayon və şəhərlər üzrə həmkarlar ittifaqlarının komitə sədrləri, təhsil müəssisələrinin rəhbər və məsul əməkdaşları, ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev tədbir iştirakçılarını salamlayaraq Ümumdünya Əməyin Mühafizəsi Gününün əhəmiyyətindən və təhsil müəssisələrində sağlam, təhlükəsiz əmək şəraitinin yaradılmasının vacibliyindən danışıb.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə məruzə ilə çıxış edərək əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər, 2026-cı ilin devizinin aktuallığı və təhsil müəssisələrində psixososial risklərin idarə olunmasının əhəmiyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Qocayev çıxış edərək əməyin mühafizəsinin, xüsusilə təhsil müəssisələrində sağlam iş mühitinin formalaşdırılmasının vacibliyini vurğulayıb.
Forumun panel müzakirələri zamanı əməyin mühafizəsi üzrə hüquqi tənzimləmə, işəgötürənlərin öhdəlikləri, təhlükəsizlik qaydaları, fövqəladə hallara hazırlıq və psixososial risklərin qarşısının alınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçıların sualları müvafiq qurumların nümayəndələri tərəfindən cavablandırılıb.
Forumun sonunda əməyin mühafizəsinin səmərəli təşkili sahəsində fərqlənən bir qrup həmkarlar ittifaqı üzvü mükafatlandırılıb.
Bu cür tədbirlər təhsil müəssisələrində əməyin mühafizəsi mədəniyyətinin inkişafına, sağlam psixososial iş mühitinin formalaşdırılmasına və əmək münasibətlərində təhlükəsizlik standartlarının yüksəldilməsinə mühüm töhfə verir.
















