Xəbərlər
Göygöldə Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol turniri keçirilib.
Göygöl rayonunda Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş voleybol turniri təşkil edilib. Yarış Göygöl rayon Uşaq Gənclər İdman Şahmat Məktəbi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Turnir gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, Xocalı şəhidlərinin xatirəsinin ehtiramla anılması və sağlam həyat tərzinin təşviqi məqsədilə təşkil olunub.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunlarda komandalar yüksək əzmkarlıq nümayiş etdiriblər. Turnirin yekun nəticələrinə əsasən qalib və mükafatçılar müəyyən olunaraq diplom, medal və xatirə kubokları ilə təltif ediliblər.
Təşkilatçılar bildiriblər ki, Xocalı şəhidlərinin əziz xatirəsinin yaşadılması, tarixi həqiqətlərin gənc nəslə çatdırılması və kütləvi idmanın inkişafı istiqamətində bu kimi maarifləndirici və vətənpərvərlik yönümlü tədbirlərin keçirilməsi gələcəkdə də davam etdiriləcək.






