Xəbərlər
Göygöldə Zəfər Günü münasibətilə idman yarışlarının qalibləri mükafatlandırılıb
Göygöldə Zəfər Günü münasibətilə idman yarışlarının qalibləri mükafatlandırılıb
8 Noyabr – Zəfər Günü münasibətilə Göygöl Rayon İcra Hakimiyyəti, Qərbi Azərbaycan İcmasının Göygöl rayon üzrə nümayəndəliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbir çərçivəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən təhsil işçiləri arasında təşkil edilmiş “Zəfər Ruhunda Sağlamlıq və Həmrəylik Yarışları – 2026” idman tədbirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Dörd idman növü – 3x3 basketbol, atıcılıq, şahmat və stolüstü tennis üzrə keçirilən yarışlarda fərqlənən təhsil işçilərinə diplomlar və mükafatlar təqdim olunub.
Mükafatlandırma mərasimində iştirak edən Göygöl Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının Göygöl rayon üzrə nümayəndəliyinin təmsilçiləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsinin rəhbərliyi, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində və idman yarışlarında uğurlar arzulayıblar.
Tədbirdə Zəfər Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin xalqımızın milli birliyinin və həmrəyliyinin təntənəsi olduğu vurğulanıb. İdmanın təhsil işçiləri arasında sağlam həyat tərzinin, dostluq münasibətlərinin və kollektiv həmrəyliyin möhkəmləndirilməsində mühüm rolu qeyd edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi təhsil işçilərinin sosial, mədəni və idman həyatında fəal iştirakını dəstəkləməklə, sağlam həyat tərzinin və həmkarlar həmrəyliyinin təşviqinə xidmət edən layihə və tədbirləri bundan sonra da davam etdirəcək.



