Xəbərlər
Göygöl–Hacıkənd istiqamətində ekskursiya təşkil olunub.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun ucqar təhsil müəssisələrindən biri olan Azər Tağıyev adına Məmmədli kənd tam orta ümumtəhsil məktəbin təhsil işçiləri üçün Göygöl və Hacıkənd istiqamətində birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının yüksəldilməsi, həmçinin ölkəmizin gözəl təbiəti və tarixi məkanları ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
Səfər zamanı məktəb kollektivi Göygöl rayonunun füsunkar təbiətini seyr edib, Hacıkənd qəsəbəsinin əsrarəngiz mənzərələri ilə tanış olub, bölgənin turizm potensialı və tarixi haqqında məlumat əldə edib. İştirakçılar ekskursiyanın yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, xoş təəssüratlarla geri dönüblər.
Məktəb kollektivi göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə minnətdarlığını ifadə edib.
Bu cür tədbirlər təhsil işçilərinin sosial-mədəni həyatının zənginləşdirilməsi, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi və onların motivasiyasının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.



