Xəbərlər
“Günəş” körpələr evi–uşaq bağçasında 65 illik yubiley qeyd olunub

ETİHİ Nizami Rayon Komitəsinin tabeliyində fəaliyyət göstərən “Günəş” körpələr evi–uşaq bağçasında xadimə-dayə Kərimova Rahidə İstanbul qızının 65 illik yubileyi münasibətilə tədbir təşkil edilib.
Rahidə Kərimova artıq 37 ildir ki, bu bağçada çalışır və uzun illər ərzində göstərdiyi fədakar əməyinə, məsuliyyətinə və işinə olan sədaqətinə görə kollektivin dərin rəğbətini qazanıb. Onun uşaqlar üçün təmiz, rahat və qayğıkeş mühit yaradılmasında göstərdiyi xidmətlər, bağçanın gündəlik fəaliyyətində üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirməsi tədbir zamanı xüsusi vurğulanıb.
Tədbirdə Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov və komitənin aparıcı mütəxəssisi Tural Hacıyev iştirak edərək Rahidə xanımı yubileyi münasibətilə təbrik ediblər. Onlar çıxışlarında Rahidə Kərimovanın uzun illər ərzində sərgilədiyi çalışqanlıq, səmimiyyət və məsuliyyətin həm kollektiv, həm də valideynlər tərəfindən yüksək qiymətləndirildiyini qeyd ediblər.
Sonda Rahidə Kərimova ETİHİ Nizami Rayon Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyə ilə təltif olunub.





