Xəbərlər
Həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib

Ağcabədi şəhər Rabil Quliyev adına Taynaq kənd tam orta ümumtəhsil məktəbində məktəbin həmkarlar təşkilatının sədri Həziyeva Gülnar Hikmət qızının təşkilatçılığı ilə həmkarlar ittifaqı üzvləri ilə görüş keçirilib.
Görüşün əsas məqsədi həmkarlar ittifaqının fəaliyyəti, üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, müəllimlərin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlər, təhsil sahəsində əldə olunan nailiyyətlərin müzakirəsi və qarşıda duran vəzifələr barədə fikir mübadiləsinin aparılması olub.
Tədbir zamanı təhsil müəssisəsində tədrisin keyfiyyətinin yüksəldilməsi, yüksək nəticələr göstərən fənn müəllimləri ilə görüş təşkil edildi.Bildirilib ki, təhsildə əldə olunan uğurların davamlı olması üçün pedaqoji kollektivin birgə fəaliyyəti, müəllimlərin motivasiyası və qarşılıqlı əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, ittifaq üzvlərinin istirahətinin səmərəli təşkili məqsədilə sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların elektron sistem üzərindən qeydiyyatı qaydaları barədə ətraflı məlumat verilib.
Bu prosesdə məktəbin həmkarlar təşkilatının sədrinin rolu, müəllimlərin fəallığının artırılması və müraciətlərin operativ şəkildə həyata keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Görüş iştirakçılarına e-AHİK.az platformasının funksiyaları, qeydiyyat mexanizmi və yollayışların əldə olunması prosedurları izah edilib.
Görüş zamanı məktəbin XI sinif şagirdlərinin yüksək nəticələri də xüsusi vurğulanıb. Qeyd olunub ki, Rabil Quliyev adına Taynaq kənd tam orta ümumtəhsil məktəbi XI siniflər üzrə fənn nəticələrinə görə ilk onluqda ikinci yerə layiq görülüb. Bu uğurun əldə olunmasında müəllimlərin peşəkarlığı, zəhməti və şagirdlərlə aparılan sistemli iş mühüm rol oynayıb.
Bununla yanaşı, məktəbdə uzun illər ərzində öz bilik və bacarıqları, peşəkarlığı və vəzifə öhdəliklərini layiqincə yerinə yetirmələri ilə fərqlənən müəllimlər:
• Behbudov Tapdıq Mahmud
• Hacıyeva Lətifə Sovet
• Şirinova Gülnaz Şahlar
• Güliyeva Jalə Zəki
• Sadıqzadə Günay Qədir
təhsil sahəsindəki səmərəli fəaliyyətlərinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi tərəfindən fəxri fərmanla təltif ediliblər.
Sonda ittifaq üzvlərini maraqlandıran suallar cavablandırılıb, onların təklif və müraciətləri dinlənilib, gələcək fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüş qarşılıqlı müzakirələr şəraitində keçərək iştirakçılar tərəfindən maraqla qarşılanıb.













