Xəbərlər
Hər əkilən fidan gələcəyə uzanan ümid rəmzidir.

Hər əkilən ağac bir ömrün xatirəsi, hər bir fidan gələcəyə uzanan ümid rəmzidir.
Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına Mərkəzin ərazisində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.
ETİHİ Ağstafa Rayon Komitəsi olaraq biz də bu nəcib və mənəvi dəyəri böyük olan aksiyada iştirak etdik. Şəhid ailələrinin üzvləri ilə birlikdə torpağa fidanlar əkdik. Bu, sadəcə ağacəkmə tədbiri deyil, həm də Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramın, minnətdarlığın və vəfa borcumuzun ifadəsi idi. Hər bir fidanı torpağa əkərkən qəlbimizdən bir duyğu keçirdi: bu ağaclar böyüdükcə şəhidlərimizin əziz xatirəsi də daim yaşayacaq, onların Vətən sevgisi gələcək nəsillərə örnək olacaq. Əkilən hər ağac sanki bir şəhidimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək, gələcək nəsillərə isə azadlığımızın və Zəfərimizin hansı böyük fədakarlıqlar hesabına qazanıldığını xatırladan canlı bir abidədir.
Bu gün biz qalib xalqın nümayəndələri kimi qürurla yaşayırıq. 8 Noyabr – Zəfər Günü xalqımızın birliyinin, milli iradəsinin, qəhrəmanlığının və sarsılmaz Vətən sevgisinin təntənəsidir. Bu Zəfərin arxasında canını Vətənə fəda edən şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi dayanır.
Aksiyada şəhid ailələri ilə bir arada olmaq, onların sevincinə, qüruruna və kövrək duyğularına şərik olmaq tədbirə xüsusi məna qatırdı. Çünki şəhid ailələrinə göstərilən diqqət və qayğı yalnız bir günün deyil, hər zaman davam etməli olan mənəvi borcumuzdur. Onların qəhrəman övladlarının xatirəsini yaşatmaq, adlarını daim uca tutmaq hər birimizin vətəndaşlıq məsuliyyətidir.
İnanırıq ki, bu gün əkilən ağaclar illər keçdikcə böyüyəcək, kölgəsində insanlar dincələcək, ətrafına gözəllik bəxş edəcək. Hər dəfə bu fidanlara baxanda Vətən uğrunda canından keçən qəhrəmanlarımızı, onların bizə əmanət etdiyi müqəddəs torpaqları və qazandığımız şanlı Zəfəri xatırlayacağıq.
Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq!
8 Noyabr – Zəfər Günümüz mübarək olsun!
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsi olaraq bu cür mənəvi əhəmiyyətli tədbirlərin təşkilini və şəhid ailələri ilə həmrəyliyi hər zaman yüksək qiymətləndiririk.
Zəfərimiz əbədi, birliyimiz daim möhkəm olsun!







