Xəbərlər
“Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüş keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri “Heydər Əliyev və Ömər Eldarov yaradıcılığı” mövzusunda görüşdə iştirak ediblər. Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində təşkil olunub.
Görüşün əsas məqsədi Ulu Öndərin zəngin irsinin daha dərindən öyrənilməsi və təbliği, həmçinin 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq ili” elan edilməsi fonunda ölkədə formalaşmış memarlıq məktəbi və şəhərsalma sahəsində həyata keçirilmiş genişmiqyaslı işlər barədə gənclərin məlumatlandırılması olub. Xüsusilə Heydər Əliyevin rəhbərliyi dövründə milli memarlıq irsinin qorunması istiqamətində görülən işlər diqqət mərkəzində saxlanılıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək müasir şəhərsalma siyasətində davamlı inkişaf prinsiplərinin, ekoloji tarazlığın qorunmasının və innovativ yanaşmaların tətbiqinin vacibliyini vurğulayıb, eko-urbanizmin gələcəyin şəhərlərinin formalaşmasında əsas istiqamətlərdən biri olduğunu qeyd edib.
Tədbirdə tanınmış heykəltəraş, Xalq rəssamı Ömər Eldarovun yaradıcılığı geniş müzakirə olunub. Onun Azərbaycan təsviri sənətində və memarlıq mühitində rolu, eləcə də ölkənin mədəni həyatına verdiyi töhfələr haqqında iştirakçılara ətraflı məlumat verilib.
Görüşdə AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllüləri də iştirak ediblər.
Gənclərin milli-mədəni irsə marağının artırılması, estetik zövqünün formalaşdırılması və Azərbaycanın memarlıq sahəsində qazandığı nailiyyətlərin daha geniş auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən tədbirin sonunda Ömər Eldarov iştirakçıların suallarını cavablandıraraq onlarla fikir mübadiləsi aparıb.






