Xəbərlər
I Aşıq Festivalının yekun konserti keçirilib

Noyabrın 6-da Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Kəlbəcər Rayon Mədəniyyət Sarayında I Aşıq Festivalının yekun konserti keçirilib. Bu ilin may ayında başlanmış festivalın yekun tədbirləri noyabrın 3–6-da təşkil olunub. Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının, Kəlbəcər Rayon İcra Hakimiyyətinin, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini, görkəmli aşıq Dədə Şəmşir Mədəniyyət ocağının sədri Cavid Qurbanov, Mədəniyyət Nazirinin müavini Murad Hüseynov, Mədəniyyət Nazirinin müşaviri Cahangir Səlimxanov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova, regional mədəniyyət idarələrinin rəhbərləri, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ustad aşıqlar, ziyalılar, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Festivalın yekun konsertində görkəmli saz-söz ustadı Dədə Şəmşirin yaradıcılıq irsinə xüsusi yer ayrılıb. Onun Azərbaycan aşıq sənətinin zənginləşdirilməsindəki xidmətləri, yüksək poetik istedadı, dərin məzmunlu şeirləri və saz-söz ənənələrinin yaşadılmasındakı rolu bir daha diqqətə çatdırılıb.
I Aşıq Festivalı Azərbaycan xalqının zəngin musiqi və ədəbi irsinin təbliği, aşıq sənətinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm mədəni hadisə kimi yadda qalıb.








