Xəbərlər
“II Türk Dünyası Uluslararası Mühəndislik Zirvəsi”ndə ATİAHİ-nin Həmkarlar İttifaqları Komitələrinin sədrləri iştirak ediblər

13–16 may 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Türkistan şəhərində “II Türk Dünyası Uluslararası Mühəndislik Zirvəsi” keçirilib. “Türk Mühəndislər Dərnəyi”nin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı, Bakı Mühəndislik Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Ləman Şərifova və digər ittifaq üzvləri müxtəlif sahələr üzrə aparılan müzakirələrdə iştirak ediblər.
Azərbaycan Texniki Universitetindən “Radiotexnika və telekommunikasiya” istiqaməti üzrə professor Mehman Həsənov, “Kibertəhlükəsizlik” istiqaməti üzrə professor Yadigar İmamverdiyev, “Süni intellekt” istiqaməti üzrə dosent Atif Namazov elmi məruzələrlə çıxış ediblər. Həmçinin, ictimai təşkilatların, xüsusilə həmkarlar ittifaqlarının mühəndislik sahəsindəki rolu istiqamətində Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı tədbirdə ATİAHİ Respublika Komitəsi və Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən bu sahədə həyata keçirilən fəaliyyətlər barədə çıxış edib.
Zirvədə mühəndisliyin müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb, müasir problemlər, qarşıda duran vəzifələr, Türk Dünyası Mühəndislik Birliyinin təşkili və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.
Dörd gün davam edən tədbirin yekununda, 2026-cı ilin may ayında “III Türk Dünyası Uluslararası Mühəndislik Zirvəsi”nin Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilib.









