Xəbərlər
Kələbəcərdə təntənəlu Novruz şənliyi keçirilib

Bu əlamətdar tədbirdə səlahiyyətli nümayəndə Anar müəllim, sektor müdiri Namiq müəllim, Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin kollektivi, həmçinin şəhid və qazi ailələri qonaq qismində iştirak etmişlər. Şənlik məhz onların şərəfinə təşkil olunaraq yüksək mənəvi dəyərlərin, vətənə bağlılığın və həmrəyliyin bariz nümunəsinə çevrilmişdir. Novruz şənliyində xalqımızın milli-mənəvi dəyərlərini əks etdirən Novruz adət-ənənələri nümayiş etdirildi, şagirdlərin hazırladıqları maraqlı çıxışlar, səhnəciklər və bayram proqramları şənliyə xüsusi rəng qatdı. Çıxış edənlər Novruz bayramının xalqımız üçün birlik, bərabərlik, yenilənmə və ümid rəmzi olduğunu vurğulayaraq, bu əziz günlərin artıq doğma torpaqlarımızda qeyd olunmasının sevincini bölüşdülər. Xüsusilə qeyd olundu ki, bu bayramı azad Kəlbəcərdə keçirmək hər birimiz üçün böyük qürur və tarixi nailiyyətdir. Tədbir çərçivəsində şəhid ailələrinə və qazilərimizə xüsusi diqqət göstərildi, onların əziz xatirəsi dərin ehtiramla yad olundu. Bildirildi ki, bu torpaqlarda bu gün bayram tonqallarının alovlanması məhz onların göstərdiyi şücaət və qəhrəmanlığın nəticəsidir.
Sonda bayram tonqalı alovlandırılıb, qonaqlar Novruzun sevincini bölüşərək şən əhval-ruhiyyə ilə bayramı qeyd ediblər.









