Xəbərlər
İkinci yer də qələbədir – Yasamal komandası uğurlu çıxış edib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bakı şəhəri rayon komitələri üzrə təhsil işçiləri arasında, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş kişilər arasında basketbol yarışı yekunlaşıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan 57 təşkilatı təmsil edən təhsil işçiləri arasında seçim mərhələsi keçirilərək komanda formalaşdırılıb və ən güclülər rayonlararası mərhələyə vəsiqə qazanıblar.
Bakı şəhər rayonlar üzrə keçirilən qarşılaşmalarda Səbail, Yasamal, Nərimanov, Sabunçu, Suraxanı, Xəzər, Nizami və Qaradağ rayonlarını təmsil edən komandalar arasında gərgin və maraqlı oyunlar baş tutub. Komandalar yüksək əzmkarlıq, güclü komanda ruhu və qələbə əzmi nümayiş etdirərək final mərhələsinə yüksəlmək uğrunda mübarizə aparıblar.
Yekun nəticələrə əsasən, Səbail rayonu qalib gələn komandalar sırasında birinci olub, Yasamal rayonu ikinci yerin qalibləri sırasında yer alaraq uğurlu nəticə göstərib, Xəzər rayonu isə üçüncü olub.
Yasamal rayonunu təmsil edən komandanın göstərdiyi nəticə onların birlik, həmrəylik və idmana olan marağının bariz göstəricisidir. Bu nəticə bir daha sübut edir ki, ikinci yer də böyük zəhmətin və əzmin nəticəsi olaraq qələbə kimi qiymətləndirilə bilər.
Bu cür idman yarışları təhsil işçiləri arasında həmrəyliyin möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi və kollektiv ruhun gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda qalib gələn komandalar mükafatlandırılıb, bütün iştirakçılara təşəkkür edilərək gələcək fəaliyyətlərində uğurlar arzulanıb.















