Xəbərlər
Kollektiv ruhunu möhkəmləndirən İsmayıllı səyahəti

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün təşkil olunan ekskursiyalar davam edir. Növbəti ekskursiya fəaliyyət dairəsinə daxil olan 27 saylı uşaq bağçasının kollektivi üçün İsmayıllı rayonuna təşkil olunub.
Ekskursiya zamanı təhsil işçiləri İsmayıllının füsunkar təbiəti, sıx meşələri və möhtəşəm dağ mənzərələri ilə tanış olub, təmiz havada istirahət edərək xoş və yaddaqalan anlar yaşayıblar. Gün ərzində kollektiv birlikdə vaxt keçirib, səmimi söhbətlər aparıb, xatirə şəkilləri çəkdirərək istirahətin sevincini bölüşüb.
Belə ekskursiyaların əsas məqsədi ittifaq üzvlərimizin sosial rifahına dəstək olmaq, onların asudə vaxtının səmərəli təşkilini təmin etmək, kollektiv daxilində həmrəyliyi və komanda ruhunu daha da möhkəmləndirməkdir.
Ekskursiyanın sonunda 27 saylı uşaq bağçasının əməkdaşları göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin davamlı keçirilməsinin onlar üçün böyük motivasiya mənbəyi olduğunu qeyd ediblər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtının səmərəli təşkili və kollektivlərdə sağlam əmək mühitinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.









