Xəbərlər
Komitə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbiri keçirib

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər komitəsinin, Şəki–Zaqatala Regional Təhsil İdarəsinin və Şəki rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki–Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, idarənin müdir müavini Hafız Pənahov, idarənin struktur bölmə rəhbərləri, Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri Nəzakət Əliyeva, şəhid anaları, təqaüdçü müəllimlər və bir qrup fəal təhsil işçisi iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər komitəsinin sədri Ziyafət Xasiyeva qadınların cəmiyyətin inkişafında mühüm rolundan danışıb. O, xüsusilə təhsil sahəsində çalışan qadın müəllimlərin gələcək nəslin yetişdirilməsindəki əvəzsiz xidmətlərini vurğulayaraq tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.
Sonra çıxış edən Şəki–Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müdir müavini Hafız Pənahov və Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev qadınların təhsil sahəsindəki fəaliyyətindən, onların cəmiyyətin inkişafına verdiyi töhfələrdən bəhs edərək bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.
Tədbirdə həmçinin şəhid anası Gülnarə İsmayılova, Rəmziyyə Nadirova, veteran müəllim Gülxar Salamova və məcburi köçkün, veteran müəllim Almaz Məmmədova çıxış edərək qadınların cəmiyyətdəki rolundan və müəllimlik peşəsinin əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda bir qrup təhsil işçisi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər komitəsinin və Şəki–Zaqatala Regional Təhsil İdarəsinin fəxri fərmanları və hədiyyələri ilə təltif olunub.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.














