Xəbərlər
Komitə sədri Novruz bayramı tədbirində iştirak edib

ETİHİ Şəki Şəhər Komitəsinin xidmətində olan Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib.
Xalqımızın qədim tarixini, milli adət və ənənələrini gənc nəslə daha yaxından tanıtmaq, təbliğ etmək məqsədilə keçirilən tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasıyeva, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir Günay Mahmudova, İdarənin müdir müavini Hafiz Pənahov, İdarənin struktur bölmə rəhbərləri, , müəllimlər və şagirdlər iştirak ediblər.
Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasıyeva və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova tədbir iştirakçılarını xalqımızın milli bayramı olan Novruz münasibətilə təbrik edərək, bayramın xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini dünyaya tanıtdıran qədim el bayramı olduğunu bildirib.Novruzun sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğunu qeyd edən idarə müdiri bu bayramın yenidən Qarabağ torpaqlarında keçirilməsinin insanlara ayrıca bir sevinc bəxş etdiyini diqqətə çatdırıb.
Bayram şənliyində Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları, Dədə Qorqud və Bahar qızının gəlişi tədbir iştirakçılarının marağına səbəb olub.
Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və digər özfəaliyyət bacarıqlarını nümayiş etdiriblər.


















