Xəbərlər
Komitə sədri şair Şərafət Dağıstanlını 90 illik yubileyi münasibətilə təbrik edib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasıyeva Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Şərafət Dağıstanlını 90 illik yubileyi münasibətilə təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıblar.
Səmimi söhbət zamanı Şərafət Dağıstanlının Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən, zəngin yaradıcılıq yolundan və milli-mənəvi dəyərlərin təbliğindəki xidmətlərindən bəhs olunub.
Daha sonra Şərafət Dağıstanlıya gül dəstəsi və xatirə hədiyyəsi təqdim olunub. Yubilyar göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib.
Qeyd edək ki, Şərafət Dağıstanlı Azərbaycan Yazıçılar Birliyinin və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvüdür. O, "Qızıl qələm", "Abdulla Şaiq", "Dədə Qorqud", "Xalqın Milli İftixarı", "Zaqafqaziyanın Müqəddəs Qələmi", "Qalib Sultan" mükafatlarına, həmçinin "Qanun: izah və şərhlər" qəzetinin "Azərbaycan Bayrağı" diplomuna və bir sıra fəxri fərmanlara layiq görülüb. Şairin 75-dən çox şeirinə mahnılar bəstələnib. O, həmçinin "Şuşa Bəyannaməsi" mahnısının sözlərinin müəllifidir. Yaradıcılığı ilə Azərbaycan poeziyasına mühüm töhfələr verən şair bu gün də oxucuların böyük rəğbətini qazanmaqdadır.





