Xəbərlər
Komitənin xidmətinə yeni təşkilat daxil olub

Elm və Təhsil naziri Emin Əmrullayevin 13 oktyabr 2025-ci il tarixli, 3-29/3-2-648F/2025 nömrəli əmrinə əsasən Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindən çıxarılaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyinə verilmiş 38 nəfər ittifaq üzvünü özündə birləşdirən Yeni Çələbixan qəsəbə tam orta ümumtəhsil məktəbinin kollektivi ilə Komitə sədri Ziyafət Xasiyevanın görüşü baş tutub.
Görüş zamanı Komitə sədri çıxış edərək ETİHİ Şəki Şəhər Komitəsinin fəaliyyəti, həyata keçirilən tədbirlər və görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, nizamnaməyə uyğun olaraq ittifaq üzvlərinin sosial-iqtisadi və əmək hüquqlarının qorunması, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
Eyni zamanda üzvlərin sanator-kurort imkanlarından istifadə etməsi üçün artıq elektron qeydiyyat sisteminin tətbiq olunduğu və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan bir sıra mühüm layihələr barədə də məlumat verilib.
Görüş zamanı yeni ittifaq üzvləri komitə sədrinə suallar ünvanlayaraq onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bildiriblər. Qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb və onların həlli istiqamətində müvafiq izahlar verilib.
İttifaq üzvləri ünvanladıqları suallara verilən ətraflı cavablara, eləcə də onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.







