Xəbərlər
"KUBOK TRİZ 2025" qalibləri mükafatlandırılıb.

2024–2025-ci tədris ilində “TRİZ Developers Summit” Beynəlxalq Assosiasiyasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə məktəblilər arasında ixtiraçılıq üzrə “KUBOK TRİZ 2025” Beynəlxalq Müsabiqəsi keçirilib.
Şəki şəhər 8 nömrəli beynəlmiləl tam orta ümumtəhsil məktəbinin 7 şagirdi və onları müsabiqəyə hazırlayan müəllimləri Elçin İsmayılov və Kəmalə Hacıəliyeva müsabiqədə iştirak edərək müxtəlif dərəcəli diplomlara layiq görülüb.
Mükafatçılarla keçirilən görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati Təşkilat sektorunun müdiri Rauf Əsədov, Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamiq Cəbiyev və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin baş məsləhətçisi Elxan Abdullayev iştirak edərək şagirdləri təbrik edib, onların gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər əldə etmələri üçün öz tövsiyələrini veriblər.
Şagirdlər və onları müsabiqəyə hazırlayan müəllimləri isə öz beynəlxalq müsabiqə təcrübələrini bölüşərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda qaliblərə ETİHİ Şəki Şəhər Komitəsinin hədiyyələri və “TRİZ Developers Summit” Beynəlxalq Assosiasiyasının Azərbaycan nümayəndəliyinin diplomları təqdim olunub.
Qeyd edək ki, beynəlxalq müsabiqənin məqsədi məktəblilər, tələbələr, müəllim heyəti, həmçinin mütəxəssislərin arasında yaradıcılıq və innovasiya sahəsində motivasiyanın formalaşdırılması və peşə yönümlü fəaliyyətin əhatə dairəsinin genişləndirilməsidir







